Çexiya Azərbaycana yeni təlim-döyüş təyyarəsi L-39NG təklif edir.

Report-un verdiyi xəbərə görə, bunu Çexiyanın baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

"Aero Vodochody şirkəti faktiki olaraq köhnəlmiş L-39 təyyarələrinə xidmət göstərir və onları təmir edir. Biz sizə yeni L-39NG təyyarəsini təqdim edirik və onu qiymətləndirəcəyinizə şad olarıq. Colt şirkəti həqiqətən vacib beynəlxalq şirkətdir və bütün dünyaya gözəl məhsullar təqdim edir. Polisinizin və digər qüvvələrinizin bu məhsullarla artıq tanış olmasına şadıq", - deyə o bildirib.

Babiş əlavə edib ki, səfəri çərçivəsində Azərbaycana 50 Çexiya şirkətinin nümayəndələri gəlib.

"Əlbəttə, biz Bakı Metropoliteni ilə müqavilə imzalamaqda çox maraqlıyıq. Škoda Transportation ölkəmizdəki ən böyük iqtisadi qrup olan PPF Group-un bir hissəsidir. Bu qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə yaratmağa, Azərbaycanda istehsala başlamağa, elmi tədqiqatlara sərmayə qoymağa, universitetlərinizlə və əlbəttə ki, insanlarınızla əməkdaşlıq etməyə hazırdır", - deyə o vurğulayıb.