Report -un Fox News-a istinadən verdiyi məlumata görə, Endryus hərbi bazasında kral cütlüyünün qarşılanması mərasimi keçirilib, onları Ağ Evin protokol xidmətinin rəhbəri Monika Krouli qarşılayıb.

Qeyd olunur ki, III Karl və Kamilla Ağ Evə yollanacaqlar, onları ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayacaq. Qonaqların şərəfinə rəsmi qəbul təşkil olunacaq.

"Bu səfər iki ölkəmizin ortaq tarixini, o vaxtdan bəri formalaşmış iqtisadi, siyasi və mədəni əlaqələrin genişliyini, həmçinin icmalarımızı birləşdirən insanlar arasındakı sıx bağları xatırlamaq imkanı olacaq", - deyə Böyük Britaniyanın ABŞ-dakı səfirliyinin mətbuat relizində bildirilir.

ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş dörd günlük səfər zamanı III Karl və Kamilla Vaşinqton, Nyu-York və Virciniyaya səfər edəcək, burada amerikalı lider və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşəcəklər.

Qeyd olunur ki, III Karl həmçinin Konqresdə çıxış edəcək, bu, tarixdə cəmi bir dəfə - 35 il əvvəl baş vermişdi. II Yelizaveta ABŞ-a dörd dəfə dövlət səfəri edib - 1957, 1976, 1991 və 2007-ci illərdə, lakin yalnız üçüncü dəfə konqresmenlər qarşısında çıxış etmək imkanı əldə edib.