Qazaxıstan bürosu Report Akordaya istinadən xəbər verir ki, saziş üç dövlətin başçıları tərəfindən 13 noyabr 2024-cü ildə Bakıda imzalanıb.

Sənəd təmiz enerji və enerji səmərəliliyi sahəsində strateji tərəfdaşlığın inkişafına yönəlib. Söhbət ekoloji cəhətdən təmiz hidrogen və ammonyak istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsindən, habelə bərpa olunan elektrik enerjisinin etibarlı transsərhəd ötürülməsi üçün şərait yaradılmasından gedir.

Tərəflər "yaşıl" elektrik enerjisinin sabit ötürülməsi üçün texniki və kommersiya parametrlərini müəyyən etməyi, müasir enerji səmərəli texnologiyaları tətbiq etməyi və enerji ixracı, o cümlədən Avropa istiqamətində infrastrukturu inkişaf etdirməyi razılaşdırıblar.

Ayrıca diqqət daxili enerji şəbəkələrinin genişləndirilməsinə və Qara dəniz sualtı elektrik ötürmə xəttinə qoşulma imkanlarının öyrənilməsinə ayrılıb.

Saziş çərçivəsində ildə ən azı iki dəfə toplaşacaq bərabər əsaslı Rəhbər Komitə, habelə illik əməkdaşlıq planlarının hazırlanması üçün işçi qrupu yaradılır.

Həmçinin məlumatların məxfiliyi və mübahisələrin məsləhətləşmələr və danışıqlar yolu ilə həlli mexanizmləri ilə bağlı müddəalar təsbit edilib.