Report-un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

“Mən bu gün buraya gəlməyi məqsədəuyğun hesab etdim ki, suallarınızı cavablandırım və Amerika ictimaiyyətini ABŞ administrasiyasının prezident Trampın həyatına növbəti sui-qəsd cəhdinə cavab olaraq hansı tədbirlər gördüyü barədə məlumatlandırım”, - deyə o bildirib.

Livitt həmçinin əlavə edib ki, Ağ Evin nöqteyi-nəzərindən hadisənin təqsirkarı “prezidenti və mümkün qədər çox sayda administrasiya vəzifəli şəxslərini öldürmək” niyyətində olub.

Qeyd edək ki, aprelin 25-də Vaşinqtondakı Washington Hilton otelində Trampın iştirakı ilə Ağ Evdəki Müxbirlər Assosiasiyasının qəbulunda atışma baş verib. Amerika lideri, həmçinin vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal təxliyə edilib. Hücumda şübhəli bilinən şəxs Gizli Xidmət əməkdaşları tərəfindən saxlanılıb.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan başqa, qəbulda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent, Pentaqonun rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, həmçinin bir sıra digər nazirlər və Amerika administrasiyasının yüksək vəzifəli nümayəndələri də olub.