Report-un Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, həmçinin Şəhidlər xiyabanını və Türkiyə azadlıq döyüşçüləri abidəsini ziyarət edərək əklil və gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra qonaqlar Zəfər Parkını ziyarət edərək Zəfər abidəsinə əklil qoyublar.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini qeyd edərək ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizdə Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən "TurAz Qartalı-2026" birgə uçuş-taktiki təlimlərindən danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini və regionun təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən ordu generalı M.Tokel strateji müttəfiqlik ruhunu əks etdirən hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlığının artırılması və onların praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyət məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.