Bunu Report-un erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsi o deməkdir ki, Ermənistanın cənub hissəsi Naxçıvan dəmir yolu xətti ilə şimal hissəyə birləşdirilə bilər.

O qeyd edib ki, TRIPP sadəcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə deyil, daha genişmiqyaslı və strateji layihədir, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə və qarşılıqlı fayda təmin etməyə yönəlib. Onun sözlərinə görə, kommunikasiyaların blokdan çıxarılması təkcə Şərqlə Qərbi deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirmək imkanı yaradacaq ki, bu da bütün region üçün ciddi dəyişiklik olacaq.

"Biz bu layihənin həyata keçirilməsində çox maraqlıyıq. Amerika tərəfdaşları ilə Ermənistanda erməni-amerikan birgə müəssisəsinin necə yaradılması barədə fəal danışıqlar aparılır. Biz artıq təkcə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına deyil, həm də birbaşa regionda kommunikasiyaların qurulmasına başlamışıq. Məsələn, avqustun 8-dən sonra Azərbaycan və Gürcüstanın dəmir yolu marşrutları ilə qazaxıstan buğdasının idxalı presedenti var. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və qarşılıqlı asılılıqların yaradılmasının sabitliyə və sülhün bərqərar olmasına necə töhfə verə biləcəyinin parlaq nümunəsidir", - deyə o bildirib.

Ermənistan və Azərbaycan münasibətlərinə gəlincə, Vaan Kostanyan bildirib ki, artıq birbaşa ikitərəfli ticarət, o cümlədən Azərbaycandan Ermənistana yanacaq idxalı başlayıb və yaxın vaxtlarda Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların siyahısının dəqiqləşdiriləcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, eyni zamanda, vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı üzrə iş aparılır, o cümlədən nümayəndələrin təkcə xaricdə deyil, həm də birbaşa iki ölkədə görüşləri keçirilir.

Kostanyan həmçinin Gürcüstanla üçtərəfli məsləhət formatının əhəmiyyətini vurğulayıb və təkcə üç dövlət arasında deyil, həm də daha geniş qonşu məkanda regional əməkdaşlığın geniş perspektivlərini qeyd edib.