XDİ/XSİ və SPD bloklarından büdcə mütəxəssisləri Bundestaqda Almaniya Müdafiə Nazirliyinin Bundesver üçün dizel konteyner-sisternlərinin alınması planlarını dəyərin kəskin artımı səbəbindən müvəqqəti blokladılar.

Vesti.az-ın Bild qəzetinə istinadən verdiyi məlumata görə, parlamentdə Almaniya müdafiə naziri Boris Pistoriusun büdcə siyasətindən narazılıq artır. Aprel ayında büdcəyə cavabdeh olan deputatlar müdafiə idarəsi tərəfindən təqdim edilən müqaviləni rədd edərək, xərclərin nəzarətdən çıxdığını bildirdilər. Onlar istehsalçı ilə ən azı iki dəfə təkrar danışıqlar aparılmasını tələb edirlər.

Söhbət Alfons Haar Maschinenbau GmbH şirkəti ilə bağlanan müqavilədən gedir. 2021-ci ilin may ayında Bundesver ondan 153 dizel konteynerini 21,8 milyon avroya – hər biri 142 min avroya alıb. İndi nazirlik daha 902 konteyneri ümumi dəyəri 262,67 milyon avro olmaqla almaq niyyətindədir ki, bu da vahidin qiymətini 291 min avroya qaldırır – iki dəfədən çox.

“Qiymətlərin belə partlayıcı artımı həyasızlıqdır. Xüsusən də sifariş həcmi artdıqda qiymət adətən aşağı düşür”, – deyə büdcə ekspertlərindən biri nəşrə bildirib.

Konteynerlərin çatdırılmasının 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. Onlar ilk növbədə Litvadakı Bundesver briqadası, daha sonra digər bölmələrin təminatı üçün nəzərdə tutulub. Ümumilikdə Almaniya bu cür 4 minə qədər vahid almağı planlaşdırır və bunun üçün təxminən 1 milyard avro nəzərdə tutulub.

Ekspertlərin fikrincə, müqavilə ilə bağlı vəziyyət müdafiə idarəsinin sənaye ilə səmərəsiz danışıqlarının və vergi ödəyicilərinin vəsaitlərindən səmərəsiz istifadənin bariz nümunəsi oldu. XDİ/XSİ fraksiyası gələcəkdə nazirin fəaliyyətinə nəzarəti gücləndirmək niyyətindədir.

Almaniya Müdafiə Nazirliyi Bild-in sorğusuna cavab olaraq, satınalmaların təfərrüatlarını Bundestaq tərəfindən təsdiqlənənə qədər şərh etmədiklərini bildirib. Eyni zamanda, idarədə konteyner-sisternlərin, xüsusən də quru qoşunları üçün logistikanın əsas elementi olduğu, satınalmalarda isə tədarük sürəti və təhlükəsizlik standartlarına riayət edilməsinin prioritet olduğu vurğulanıb.